Xoralı kolit əsasən yoğun bağırsaqların zədələnməsi ilə gedən, amma digər orqan və sistemləri də tuta bilən autoimmun bir xəstəlikdir. Daha çox yoğun bağırsaqların sol tərəfi, düz bağırsaq zədələnir. İshal, qanlı nəcis və qarın ağrısı əlamətləri ilə özünü biruzə verir. Hər yaşda görülə bilsə də daha çox böyük uşaqlarda rast gəlinir. Tutulma şiddəti, xəstəliyin gedişi xəstədən-xəstəyə dəyişir. Bəzən ümumiyyətlə müalicəyə tabe olmaya bilir. Bağırsaqlarla yanaşı, gözlər (üveit), dəri və birləşdirici toxumalar, oynaqlar (artrit) zədələnə bilir. Xəstəliyə diaqnoz qoymaq bir qədər çətindir. Bunun üçün bağırsaq infeksiyaları (amöb, clostridium-difficile, bakterial qastroenterit, sitomeqalovirus infeksiyası, hemolitik-üremik sindrom, psevdomembranoz kolit, henoch-schönlein purpurası və s) və digər xoralı koliti təqlid eliyə bilən xəstəliklər inkar olunmalıdır.
Xəstəliyin müalicəsi tutulum yerindən və xəstəliyin şiddətindən asılı olaraq dəyişir. Steroid müalicəsindən biolojik aktiv dərmanlara, immunsupressorlara qədər müxtəlif dərman maddələri istifadə edilə bilər. Uşaqlarda xüsusən kiçik uşaqlarda xəstəlik dirəncli seyr eliyə bilər. Tam müalicəsi yoxdur, müalicə ömür boyu davam etməlidir. İstər xəstəlik, istərsə də müalicə ciddi bu sahədə xüsusi təcrübəsi olan həkim nəzarəti altında həyata keçirilməlidir. Müalicəyə tabe olmayan və ya çox ağır hallarda yoğun bağırsaqların çıxarılması əməliyyatı icra olunur.
Qidalanma Crohn xəstəliyində olduğu kimi bu xəstəlikdə də xəstəliyin gedişinə vacib təsir edir. İstər ishal dönəmində, istərsə də istifadə olunan dərmanların yan təsirlərini aradan qaldırmaq üçün qidalanmaya xüsusi diqqət yetirilməlidir.
Xəstəliyin alovlanma dövründə (aktivləşmə dövründə) həll olan lifləri olan qida maddələri istifadə edilməlidir. Həll olmayan lifləri olan qida maddələri ishalı artırıb xəstəni daha da pisləşdirə bilər. Həll olan liflər kimi yulaf tərkibli qidalar, soyulmuş, bişmiş alma, armud istifadə oluna bilər.
Həll olmayan liflər yuxarıda qeyd olunduğu kimi bağırsaq hərəkətini daha da sürətləndirərək yoğun bağırsaqları qıcıqlandıra bilər. Bunlara misal olaraq kəpəkli çörək, kəpəkli düyü, makaron, qarğıdalı, çiy soğan, göbələk, brokoli, gül kələmi və s qidaları göstərmək olar.
Qabıqlı kartof, bibər, albalı, üzüm, pomidor, qurudulmuş meyvələr xəstəliyin aktiv dönəmində verilməməlidir.
Xəstəliyin aktiv dövründə süd tərkibli qidaları ehtiyatla istifadə etmək lazımdır. Çünki bu xəstələrdə çox vaxt laktozaya qarşı dözümsüzlük olur. Tərkibində kalsium olan qidalardan laktozsuz süd, sərt pendir, yulaf südü,kalsiumla zənginləşdirilmiş düyü və ya soya südü istifadə edilə bilər.
Xəstəliyin aktiv dövründə acılı, yağlı qida qəbulundan çəkinmək lazımdır, çünki bu cür qidalar xəstəliyin gedişini ağırlaşdıra bilər. Bəzi hallarda həkim məsləhəti ilə probiotiklər istifadə edilə bilər. Balıq yağı istifadə oluna bilər, amma çox istifadə etmək olmaz.
Yağsız mal əti, quzu əti, hind toyuğu (hinduşka), toyuq əti istifadə edilə bilər.
Omlet və ya qaynadılmış yumurta yeyilə bilər.
Ağ çörək, ağ düyü, qarabaşaq (qreçka), ağ undan hazırlanmış makaron istifadə edilə bilər.
Badımcan, balqabaq, yerkökü, qabıqsız kartof olar.
Soyulmuş və ya bişmiş alma, armud, banan, şaftalı və nektarinlər, papaya, qovun, avokado və manqo, meyvə jeleləri olar.
Kofeinsiz çay. Kofeinsiz kofe, nanə, meyvə çayları olar.
Xəstəliyin aktiv dövründə hansı qidalardan qaçınmaq lazımdır?
Donuz əti, ördək, qaz, kolbasa, sosiska, emal edilmiş ətlər, qızardılmış və ya ədviyyatlı ətlər.
Qızardılmış balıq, xüsusilə çörək qırıntıları və ya xəmirdə.
Hisə verilmiş, duzlanmış və ya yağda və/və ya ədviyyatlarda marinadlanmış balıq.
Qızardılmış yumurta
İnək südü, qatıqlar və inək südü ilə hazırlanmış dondurma, yumşaq pendirlər
Kəpək, taxıl, arpa və ya tünd çovdar çörəyi. Tərkibində qoz-fındıq və toxum olan çörək Kəpəkli makaron. Qəhvəyi düyü.
Noxud, qarğıdalı, lobya və mərcimək, kələm, brüssel kələmi, gül kələm və brokoli və tərəvəzləri, çiy soğan, sarımsaq və bibər.
Üzüm, gavalı, portağal, qreypfrut, albalı, pomidor, qurudulmuş meyvələr.
Qazlı içkilər, tərkibində dadlandırıcılar olan içkilər, alkoqol, içərisində meyvə parçacıqları olan meyvə şirəsi
Pəhriz məsləhəti
Xoralı kolitli xəstələrin əksəriyyətinə sağlam, balanslı bir pəhriz izləmək və çoxlu maye içmək tövsiyə olunur. Bu, susuzlaşdırmanın qarşısını almaq və sizə lazım olan bütün qidaları almağınızı təmin edir.
Xüsusi bir pəhrizin xoralı kolitin yaranmasında rol oynadığı düşünülmür. Ancaq iltihablı bağırsaq xəstəliyi olan bəzi insanlara pəhrizlərində müvəqqəti dəyişikliklər etmək və ya alovlanma zamanı simptomları idarə etmək tövsiyə oluna bilər. Məsələn:
-3 əsas öyün yerinə daha tez-tez kiçik porsiyalarla yemək
-az lifli qidalar yemək
-qida əlavələrinin qəbulu
Pəhrizinizdə hər hansı bir dəyişiklik etməzdən əvvəl həkiminizlə məsləhət edə bilərsiniz.
Yağlı və asidik (turş) qidalardan qaçının.
İstifadə olunmuş ədəbiyyat:
https://www.mkuh.nhs.uk/patient-information-leaflet/dietary-advice-for-ulcerative-colitis-2
Levine A, Rhodes JM, Lindsay JO, et al. Dietary Guidance From the International Organization for the Study of Inflammatory Bowel Diseases. Clin Gastroenterol Hepatol. 2020;18(6):1381-1392. doi:10.1016/j.cgh.2020.01.046
Werlang ME, Sim LA, Lebow JR, Lacy BE. Assessing for Eating Disorders: A Primer for Gastroenterologists. Am J Gastroenterol. 2021;116(1):68-76. doi:10.14309/ajg.0000000000001029