Uşaqlarda qusma

Qusma – çox hallarda orqanizmdən toksinləri uzaqlaşdırmaq üçün formalaşmış orqanizmin özünü müdafiə reaksiyalarından biridir

Qusma zamanı nə etməliyik?

- İlk öncə yeməyə ara vermək lazımdır– körpələrdə 1 saata kimi, daha böyük uşaqlarda 6 saata kimi ac qalmaq önərilir.

- Uşaqlar maye itkisinə çox həssas olduğuna görə qusma başlayandan ilk 4 saat ərzində, qısa fasilələrlə 5 dəqiqədən bir, uşağa içə bildiyi qədər, az-az maye vermək lazımdır (qurtum-qurtum, çox içmək olmaz). Bu zaman qazsız su, çox açıq çay, zəncəfil və ya çobanyastığı dəmləməsi vermək olar.

- Ana südü qəbul edən körpələrə davamlı olaraq ana südü verilməlidir ki, orqanizmin susuzlaşmasının qarşısı alınsın.

- Qusan uşağa qatı qidalar mümkün qədər az verilməlidir. Aclıq fasiləsindən sonra ilk qida kimi yüngül qidalardan başlamaq lazımdır:

~~Alma püresi tərkibi pektinlə zəngin olduğuna görə maye itkisi zamanı xüsusi faydalıdır, qida kimi rahat həzm olunur.

~~Düyü həlimi, kartof püresi. Bunlar tərkibində karbohidrat olan  və həzmləri rahat olan qidalardır.

~~Banan püresi. Uşaqlar qusma ilə elektrolit itirir və bananın tərkibində kalium var.

~~Quru qidalardan duzlu çubuqlar (krekerlər), çörək tostları(qurudulmuş çörək) vermək olar.

!!! Süd, yağlı qidalar, çox lifli qidalar, ədviyyatlar həzm sisteminin həssas olduğu dövrdə tövsiyyə olunmur.

!!! Kola içmək tövsiyə olunmur, xüsusən yanaşı ishal varsa qazlı içkilərdən  çəkinmək lazımdır. Həmçinin  kolanın tərkibində olan kofein və şəkər kalium itkisini artırır. 

!!! Qusma dövründə qusmanın nəfəs yollarına qaçmaq təhlükəsi olduğuna görə uşağın yan yatdığına ( sol yan üstə) əmin olun.

!!! Qusma əleyhinə preparatları həkim məsləhəti olmadan vermək olmaz.

Həkimə nə zaman müraciət etməliyik?

- Edilən tədbirlərə baxmayaraq 4-6 saatdan 1 təkrarlayan, 24-48  saatdan çox davam edən qusma;

- Təkrarlayan qusmada heç bir səbəb tapılmırsa və uşağa maye içirtmək mümkün olmursa;

- Uşaq yıxılandan və ya hər hansı bir travmadan sonra təkrarlayan qusma şikayəti olarsa;

- Qusma ilə eyni zamanda şiddətli qarın ağrısı varsa;

- Uşaq səhərlər acqarına qusursa;

- Uşaqda nəzərəçarpacaq dərəcədə laqeyd, sakit, halsızlıq görüntüsü varsa;

- Uşaqda yanaşı olaraq temperatur və ishal da varsa.

!!! Uşağın sutkada ən azı 4 dəfə sidiyə getdiyinə əmin olun.

!!! Həyatı təhdidedici qusmanın simptomları: quru ağız, avazımış dəri, yuxululuq, ağız vasitəsilə uşağın dərin nəfəs alması, sidik ifrazının azalması.

 

 

 

 

 

 

Bizi sosial mediada izləyin