Uşaqlarda diş qıcama

                                                      

                                                                       Uşaqlarda diş qıcaması 

Diş qıcamaları və ya dişləri bir-birinə sürtmək tibbi dildə “Bruksizm” adlanır. Diş qıcama uşaqlar arasında geniş yayılmışdır və hər 10 uşaqdan 3-də görülə bilər. Bu hal təkcə gecələr  deyil  həm də gündüzlər də qeyri-iradi olaraq müşahidə oluna bilər. Hər nə qədər müxtəlif səbəbləri olsa da daha çox stress hallarında rast gəlinir. 

Bundan başqa ağız içində dişlərlə əlaqədar problemlərdə (plomb düzgün qoyulmadıqda, çürüklərdə, diş iltihabında və s) də görülə bilər.

Diş qıcamaları çənə oynağının və diş saxlayıcı aparatın yüklənməsi, çeynəmə əzələlərinin zədələnməsi və s. kimi neqativ hallara səbəb ola bilər. 

Çox nadir hallarda reflü də diş qıcamasına səbəb ola bilər.

Risk faktorları arasında siqaret tüstüsünə məruz qalma, uşağın məktəb və ya baxcada keçirdiyi gərginlik də var.

Diş qıcama həyatın ilk ilində normal sayıla bilər, çünki bu vaxt uşaqlar təzə çıxan dişlərini bir-birinə sıxmaq və sürtməklə onlardan istifadə ilə tanış olurlar. Qısası, bu yolla uşaqlarda  yeni çıxan dişlərlə tanışlıq mərhələsi olur və beləliklə dişlərin hərəkəti öz-özünə tənzimlənir. Bundan başqa çənə qan dövranı yeni  süd dişlərinin əmələ gəlməsi səbəbi ilə sürətlənir. Həmçinin qan dövranı artdığına görə dişlərin qeyri-iradi hərəkətləri də artır (dişləri bir-birinə sıxmaq, diş səthlərini bir-birinin üzərində sürüşdürmək kimi). Uşaqlar  sanki aydınlaşdırmağa çalışırlar ki, dişlərin funksiyası nədir və çənə üzərində hansı təsirlərə sahibdirlər. Bütün bunlar dişlərini qıcamasına və kənardan valideynlərin bu səsləri eşitməsinə səbəb olur. Bu, uşağın həyatının ilk illərində yeni dişlərin əmələ gəlməsi və inkişafına uyğunlaşması prosesi kimi dəyərləndiriliə bilər. 3 yaşına kimi fasilələrlə davam edən diş qıcama normal hesab oluna bilər. Adətən ilk diş qıcamalarını valideynlər 9-10 ayında daha sıx müşahidə edirlər. 

Bu vərdiş uzun müddət davam edərsə artıq ciddiyə alınmalıdır və səbəbi araşdırılmalıdır. Çünki bu vərdiş uşaqlarda böyüyəndə də qala bilər. Uşaqların çoxunda diş qıcaması öz-özlüyündən geriliyir. 

Səbəbləri müxtəlif ola bilər: Psixoloji faktorlar, uşağın həssaslığı,  qorxu,   ailəvi və məktəb probləmləri. Bəzən səbəbini tam müəyyən etmək olmur. Genetik faktorların rolu tam müəyyən edilməmişdir. 

Diş qıcama zamanı bəzən ağrı hissi ola bilər. Yaş artdıqca diş qıcama dişlərin zədələnməsinə səbəb ola bilər. Bundan əlavə, gecə diş qıcamaları boyun əzələlərində gərginliynə, baş ağrılarına, xroniki diş ağrısına və ya çeynəmə sisteminin zədələnməsinə səbəb ola bilər. Bundan başqa irəli dönəmlərdə qulaqda küy, qulaq ağrısı, göz narahatlıqları, ürəkbulanma kimi  şikayətlər də müşahidə oluna bilər. 

Diş qıcama alışqanlığı uşağın dişlərini yumşaldır və zədələyir. Bu da öz növbəsində dişlərin qoruyucu təbəqəsi- mina qatının yeyilməsinə və aradan qalxmasına səbəb olur. Bunun sayəsində dişlərin soyuğa, istiyə, turş qidalara həssaslığı artır. 

Uşaqlar üçün müəyyən yaşdan sonra dişləm səthi üçün nəzərdə tutulmuş qoruyucu plastik aparat istifadə edilə bilər (diş həkimi ilə məsləhətləşin). Bunlar uşaqların üz, çənə nahiyələrində olan ağrıları önləyir və çeynəmə əzələləri bu şəkildə yüklənmədən azad olur. Bu qoruyucu lövhələr xüsusi olaraq möhkəmləndirilmiş plastikdən hazırlanır, dişləri və çənə oynağını qorumaq üçün nəzərdə tutulur. Bunlar yuxu zamanı və ya hətta gün ərzində taxıla bilər. Bu lövhələrin sərt və yumşaq dişləmə səthi olan variantları var. 

Diş qıcamalarını, xüsusən gecələr baş verənləri   önləmək və aradan qaldırmaq üçün valideynlər uşaqda stress yaradacaq hər hansı faktoru azaltmağa cəhd etməlidirlər. Stress yaradan problemlərdən uzaqlaşmaq uşağın sinir sisteminə olan təzyiqi azaltmağa kömək edə bilər. Digər tərəfdən, yatmamışdan öncə sakitləşdirici rituallar (yatmazdan əvvəl isti vanna və ya duş qəbul etmək, rahatlaşdırıcı və ya sakitləşdirici musiqi ilə yatdırmaq , uşağın sevimli kitabından bir hekayə oxumaq) uşağın rahat yuxuya getməsinə kömək edə, bununla da  gündəlik baş verən stress yükünü azalda və ya aradan qaldıra bilər.

Səhər bir neçə dəqiqə ərzində əlləriniz ilə uşağın çənə nahiyyəsində əzələ gərginliyini aradan qaldıran masajları edə bilərsiniz. Axşam rahatlaşdırıcı dairəvi hərəkətlərlə  bu masajı təkrarlamaq olar.

Diş qıcamaları uşağın bağça ilə ilk tanışlıq mərhələsində - böyük həyəcanla qarşılaşdığında və ya hər hansı bir  gözlənilməyən stress situasiyası yarandıqda da ortaya çıxa bilər. Uşağınızla onun qayğıları və sizdən gözləntiləri barədə danışın və ona anlayış göstərin. Bu yolla onun  gündəlik stress yükünü azaltmaq olar. 

3 yaşa kimi adətən heç nə etmək lazım deyil. Çünki bu zaman ortaya çıxan qıcamalar adətən təhlükəli deyil və süd dişlərinin inkişafı ilə əlaqəlidir.

Bundan qorunmaq üçün şəkərli qidalardan az istifadə edin, uşağın stressi varsa səbəbini axtararaq aradan qaldırın, uşağın yattığı otaq qaranlıq və sakit olmasına diqqət edin. Yatmazdan 1-2 saat əvvəl isti, rahatlaşdırıcı duş qəbul etdirin, diş həkiminə və psixoloqa göstərin. Kofeinli və alkoqollu icəcəklərdən uşağınızı qoruyun. Bunun bir dərmanı yoxdur. Sadəcə psixoterapevtin məsləhəti ilə sakitləşdirici və ya çox ağrısı olarsa ağrıkəsici verilə bilər.

 Diqqət əksikliyi və hiperaktivlik sindromundan əziyyət çəkən uşaqlarda da tez tez diş qıcamalara rast gəlinir Diş qıcama tək başına qurd xəstəliklərinin əlaməti deyil !!! 

Diş qıcamaya görə uşaqlara qurd dərmanı verməyin !!!


 


Bizi sosial mediada izləyin