Ana südü sarılığı
Sarılıq- uşağın ana bətnindən kənarda olan həyatının uyğunlaşma mərhələsində ortaya çıxan fizioloji dəyişmə proseslərindən hesab olunur. Adətən sarılıq yenidoğulmuşun həyatının 3-7 ci günündə müşahidə olunur. Sarılıq ən tez həyatın ilk həftəsində, ən gec 3 ayında keçir. Sarılığa bilirubin piqmenti səbəb olur, hansı ki həyatın ilk günlərində uyğunlaşma mərhələsində olan qırmızı qan hüceyrələrinin (fetal hemoqlobin hesabına) parçalanması ilə yaranan qanın parçalanma məhsuludur. Tibbi dildə bu hiperbilirubinemiya adlanır.
Ana südü ilə qidalanan uşaqlarda sarılıq tez-tez rast gəlinir və rastgəlmə tezliyi süni qida ilə qidalanan uşaqlardan daha çoxdur. Bu daha çox kifayət qədər ana südü almayan yenidoğulmuşlarda görülür. Bu hala ana südü sarılığı deyilir.
|
Ana südü sarılığının 2 forması var:
Erkən başlayan ana südü sarılığı
Gec başlayan ana südü sarılığı
-Erkən ana südü sarılığı- həyatın ilk günlərində təxminən 3 cü gün görülür. Bu, yenidoğulmuş ana südü ilə kifayət qədər qidalana bilmədikdə (ana və yaxud uşaq tərəfdən əmizdirmə problemləri ilə əlaqədar; döşə düzgün qoyulmadıqda və s.) və ya qəbul olunan süddə lazım olan qədər kalori olmadıqda baş verir. Mütləq uşaq sıx-sıx əmizdirilməlidir.
-Gec ana südü sarılığı- həyatın 2 ci həftəsində ortaya çıxır və 3 cü və 4 cü həftələrdə pik dəyərə yüksəlir. Sonra tədricən düşməyə davam edir (bəzən 3 aya qədər sarılıq görülə bilər). Bu daha çox ehtimalla ana südünün tərkibinə bağlı olaraq ortaya çıxır. Belə ki, ana südünün tərkibində olan uzun zəncirli yağ turşularının yüksək miqdarı, lipoproteinlipazanın yüksək konsentrasiyası olur. Bu faktorlar körpələrdə glükuroniltransferaza fermentinin bloklanmasına səbəb ola bilir. Bunun nəticəsində bilirubin konyuqasiyası pozulur, bu da bilirubinin bağırsaqdakı reabsorbsiyasını (qana yenidən sorulması və sarılığa səbəb olması riskini) artırır. Bu durumda da qanda bilirubin səviyyəsi kontrol edilərək uşaq ana südü ilə qidalandırılmalıdır.
Ana südü sarılığında bilirubin dəyərlərinin (sərbəst bilirubin hesabına) 270 mmol-dan (15mq/dl) aşağı olduğu zaman heç bir müalicəyə ehtiyac görülmür.
Sarılığın dirəncli olduğu hallarda fototerpiya və ana südü ilə kifayət qədər qidalanma çox hallarda effektiv hesab olunur. Ananın südünün kifayət qədər olmadığı hallarda qidalanma rejiminə müvəqqəti olacaq şəkildə süni qida əlavə oluna bilər. Əgər bilirubin dəyərlərinin qalxması davam edərsə və normadan yuxarı qalxarsa həkim məsləhəti ilə ana südünə ara verilə bilər. Çünki bilirubin dəyərləri süni qida ilə daha tez normala dönəcəkdir. Amma bundan öncə sarılığa səbəb ola biləcək digər səbəblər (məsələn: enzim çatışmazlıqları kimi) inkar olunmalıdır.
Buna görə də əmizdirməyə ara vermək yüksək bilirubin dəyərlərində ilk seçənək deyil.
Ana südünün dayandırılmasından sonra ana südünün kəsilməməsi üçün südün uşağa verilmədiyi müddətdə gün ərzində 8-12 dəfə süd pompası yardımıyla südü sağmaq və sonrakı zaman verilməsi üçün dondurucuda saxlamaq lazımdır.
Uşaqlarda əgər sarılıq ilk gündə görüldüsə və sürətlə artırsa bu patoloji sarılıqdır və səbəbi hər zaman araşdırılmalıdır. Çünki yüksək sarılıq beyni qalıcı olaraq zədələyə və uşaq serebral iflicinin əmələ gəlməsinə səbəb ola bilər.
Əgər uşsaqda sarılıq varsa mütləq həkimə müraciət edərək miqdarını ölçmək, yaşa və doğum gününə görə normal dəyərlərlə müqayisə etmək lazımdır. Mütləq ümumi bilirubin deyil, bilirubin fraksiyalarına baxmaq lazımdır. Əgər birləşmiş (düz) bilirubin artmışsa uşaq qastroenteroloquna yönləndirmək lazımdır. Əgər sərbəst (qeyri-düz) bilirubin artmışsa səbəbini araşdırmaq lazımdır. Ana südü sarılığında labaratoriya müayinələrində ciddi bir problem aşkarlanmır və sarılıq dəyərləri çox yüksək olmur. Bu zaman ana südü sarılığından şübhələnmək olar.
Sarılığı olan uşaq sıx sıx ana südü ilə qidalandırılmalıdır!
Sarılığı olan uşağa qətiyyən və qətiyyən şəkərli su vermək olmaz!!!
Sarılıq dəyəri icazə verilən səviyyədən çox yüksəlmədisə körpəyə mütləq ana südü verin, ana südünü kəsməyin!!!
Sarılığı olan hər bir uşaq mütləq ciddi müayinə olunmalı və pediatr tərəfindən dəyərləndirilməlidir.
Sarılıq dəyəri (sərbəst bilirubin) yüksəksə uşağa fototerapiya olunmalıdır. Fototerapiya zamanı qandakı bilirubin suda həll olan formaya keçir və sidiklə atılır. Daha yüksək dəyərlərdə uşaq reanimasiyaya yatırılaraq qan dəyişməsi olunmalıdır.