
İshal, nəcis sayının artması və nəcisin çox sulu olma halıdır. Həzm sistemində su əsasən yoğun bağırsaqlardan geriyə sorulur, bu da nəcisin normal şəkil və konsistensiya almasına səbəb olur. Bəzən nəcis çox sulu olur, ishal yaranır. Uşaqlarda ishal çox rast gəlinən hallardan biridir. Uşağın yaşına və qidalanmasına görə defekasiya (nəcisə getmə) sayı dəyişir. Belə ki yenidoğulmuşda defekasiya gündə 3-6 dəfə, 1yaşın sonuna qədər olan körpələrdə isə gündə 2-3 dəfə ola bilər. 1yaşdan böyük uşaq gündə ən az üç və ya daha çox böyük bayıra çox sulu şəkildə çıxırsa bu ishaldır.
Ana südü ilə qidalanan körpələrdə neçə dəfə yeyirsə (az miqdarda) o qədər də böyük bayıra getmə normal sayılır.
Ishal uşaqlarda müxtəlif səbəblərdən ola bilər: infeksiyalar, qida zəhərlənməsi, düzgün qidalanmamaq, anadangəlmə bağırsaq xəstəlikləri, müxtəlif antibiotik və dərman maddələrinin qəbulu, Immun yetməzlik və s.
İshala səbəb olan mikrobların çoxalıb artması üçün əlverişli şərait xüsusən isti yay aylarında yaranır. Bu mikroblar ən çox qida maddələrini sevir. İshal riski ilə də ən çox qarşılaşanlar körpə uşaqlardır. İçində qida qalığı qalmış yemək butulkası və ya yaxşı yuyulmamış əmzik, mikroblar üçün əlverişli mühitdir.
Uşaqlarda kəskin ishal adətən 2 həftəyə qədər davam edə bilir. Bununla yanaşı aralıq nahiyyəsində bişməcə yaranması da uşağa narahatlıq verir. İshal zamanı orqanizm çoxlu su itirə bilər.
İshal əlamətləri
-qarında qurultu və şişlik
-sulu nəcis
-defekasiya sayının artması
-qarın ağrısı
-ürəkbulanma və qusma
-qızdırma
-nəcisdə qan
-selikli nəcis
-halsızlıq
Uşaqlarda ishalın səbəbləri
-Südvermə dövründə ananın pəhrizi pozması
-Əlavə qidaya erkən və ya gec başlanması (yanlış qida seçimi)
-Normadan çox meyvə və ya meyvə suyu qəbulu
-Bağırsaq infeksiyaları (rotavirus, enterovirus, dizenteriya, salmonella, klebsiella və s.)
-Qida zəhərlənməsi
-Qida allergiyası
-Antibiotiklər
-Diş çıxarma
İshal olan uşaq necə qidalanmalı?
Ana südü çox dəyərli qidadır. Ana südü asan həzm olunur, zəngin tərkibə malikdir və infeksiyalara qarşı qoruyucu təsiri vardır. Buna görə də ana körpəyə 6 ay mütləq ana südü verməli, sonra 2 ilə yaxın əlavə qidalarla yanaşı əmizdirməyə davam etməlidir. Əgər körpədə ishal olarsa körpə əmmək istədiyi qədər əmməlidir. Bişməcə ehtimalına görə bezini tez-tez dəyişdirmək (altını quru tutmaq lazımdır) və bişməcə kremi istifadə etmək lazımdır. Körpə 6 aydan böyüksə və əlavə qida qəbul edirsə şorba (yağsız vermişel və ya düyü şorbası), kartof soyutması, yağsız ət, qatıq (və ya ayran), düyü həlimi vermək lazımdır. Çox şəkərli qidalar isahalı artıracağı üçün uzaq durmaq lazımdır. Bəzi uşaqlar üçün bəzi qidalar ishalı tətikləyə bilər. Misal olaraq irritabl (qıcıqlanmış) bağırsaq sindromu olan bəzi xəstələrə çox yağlı, yüksək şəkərli və ya bol ədviyyatlı, acılı qidalar yeməmələri məsləhət görülür. Bəzi uşaqlarda isə qlüten və ya süd məhsulları ishalı tətikləyir. Bəzi lif baxımından zəngin qidalar uşaqda ishalı azaltmağa kömək edə bilər: alma, banan, arpa, yulaf, lobya, noxud, kartof. Probiotiklərin ishal səbəbiylə pozulmuş bağırsaq florasının bərpasında köməyi vardır. Probiotik seçimi üçün həkimlə məsləhət edin. İshal zamanı maye qəbulu artırılmalıdır. Lakin bir dəfəyə çox qida və ya su vermək uşağın qusmasına səbəb ola bilər. Buna görə də uşaq az-az, tez-tez qidalanmalıdır.
İshaldan qorunmaq üçün içməli suya diqqət edilməli, su qaynadılmalıdır. Meyvə və tərəvəzlər bol su ilə yaxşıca yuyulmalıdır. Yemək hazırlamadan öncə, tualetdən sonra, uşağın bezini dəyişdirəndən sonra mütləq əllər sabunla yuyulmalıdır. Gigiyena qaydalarına diqqət etməli və ailəlikcə riayət edilməlidir.
İshal zamanı maye və elektrolit itkisini bərpa etmək üçün ev şəraitində oral rehidratasiya məhlulu hazırlamaq olar. Bunun üçün 1 litr qaynadılmış, bir qədər soyudulmuş ilıq suyun içərisinə 1 çay qaşığı soda, 1 çay qaşığı duz və 2 desert qaşığı şəkər tozu əlavə edilərək qarışdırılıb hazırlanır. Hazırlanmış məhlul hər defekasiyadan sonra 2 yaşdan kiçik uşağa 50-100 ml, 2 yaşdan böyük uşağa isə 200 ml verilməlidir.
Alma və ya heyva kompotu
-1 ədəd orta boy alma
-1 kiçik heyva
-1 ədəd çubuq darçın
-3 su stəkanı su
Hazırlanması:
Alma və heyvanın qabıqlarını soyuruq. Çəyirdəklərini çıxarırıq və dilimləyirik. Bir qazana su tökürük. İçinə alma heyva və çubuq darçını əlavə edirik. Vam xodda 20 dəqiqə bişiririk.
Kartof şorbası
-1 kiçik kartof
-1 kiçik kök
-1 desert qaşığı düyü
-1 kiçik soğan
-3 su stəkanı su
Hazırlanması:
Kartof və kökü soyuruq, iri kub şəklində doğrayırıq. (Soğanı bütöv şəkildə atırıq, bişdikdən sonra çıxarırıq) Kartof, kök və soğanı bir qazana töküb üzərinə su əlavə edirik və 20 dəqiqə bişiririk.
İshal olduğunda nə zaman həkimə müraciət etməli?
Gündə 8 dəfədən artıq defekasiya aktı və 2 dəfədən çox qusma varsa, bununla yanaşı yeməkdən imtina, hər qida qəbulundan sonra qusma, sidiyə gec və az miqdar çıxma, yüksək qızdırma, nəcisdə qan, selik görülməsi kimi hallar varsa həkimə müraciət etmək lazımdır.
Körpələr üçün halsızlıq, temperatur varsa, hər ishal olduğunda bezdən ətrafa daşırsa mütləq həkimə müraciət etmək lazımdır.
İshaldan sonrakı dövrdə uşağın itirdyi enerjini yerinə qoya bilməsi üçün qidalanmasına 1öyün əlavə edilməli və ya öyünün tərkibi zənginləşdirilməlidir.
.