
Köp (sancı) bir çox körpədə rast gəlinən haldır. Qaz sancısı körpənin ətraf mühitə adaptasiya dövründə yaşadığı fizioloji bir haldır. Bağırsaqlardakı faydalı bakteriyaların həyat fəaliyyəti nəticəsində tənəffüs zamanı udulan hava ilə həzm zamanı qəbul edilən qidaların fermentasiyası nəticəsində mədə və bağırsaqlarda qaz əmələ gəlir. Əmələ gələn qaz xaric ola bilməyəndə toplanır və qaz sancısı yaradır. Bu bir xəstəlik olmasa da, körpə çox narahat olduğu üçün bir çox valideyn qaz sancısına görə həkimə müraciət etməyə ehtiyac duyur. Körpələrdə axşama doğru meydana gələn narahatlıq, ayaqlarını qarnına doğru sıxmaq, üzdə qızarma, əllərini yumruq fomrasında tutmaq, harasısa ağrıyırmış kimi davamlı ağlamaq ve bunun rutin halında təkrarlanması vəziyyəti kolika (qaz sancısı) adlandırılır. Qaz, sancı problemləri adətən axsam saatlarında çoxalır.
Körpələrdə qaz sancısı nə zaman başlayır?
Qaz sancısı körpələrdə adətən 2-3 həftəlikdən sonra görülməyə başlayır ( daha çox süd qəbul etməyə başladığı üçün). Şiddətli ağlamalar və narahatlıqlar şəklində özünü göstərir. 4-6 həftəlikdən sonra isə getdikcə artmağa başlayır. Artan qaz problemi ilə birlikdə ağlama tutmaları da çoxalır. Adətən axşam və gecə saatlarında özünü göstərən sancılar gecə yuxusuna da mənfi təsir göstərir. Qaz sancıları körpənin daha hərəkətli olmağa başladığı 4-5 aylıq dövrdə azalmağa başlayır və getdikcə tamamən yox olur. Bu dövrdə körpə artıq qarnı üstə çevrilməyə başlayır və qazandığı bu hərəkət qabiliyyəti qaz sancısının azalmasına səbəb olur. Bəzi körpələrdə bu müddət 3-4 aydan daha uzun sürür.
Körpələrdə qaz sancısı əlamətləri
Doğumdan 2-3 həftə sonra körpələrdə tutma şəkilli ağlamalar başlayır. Ağlamalar adətən günün ikinci yarısında eyni saatlarda başlayır. Əvvəllər buna Wesselin 3-lər qanunu deyilirdi. Yəni 3-cü həftədən sonra, günorta saat 3-dən sonra başlayan, ən az 3 saat davam edən və 3ayından sonra gedərək azalan ağrılar. Qaz sancısı əsnasında körpə ayaqlarını qarnına doğru sıxıb əllərini yumruq şəklində tutaraq üzü qızarmış bir halda dayanmadan ağlayır. Qarnı köpmüş və sərt bir vəziyyətdə olur. Körpə rahatlamaq üçün əmmə ehtiyacı duyar, lakin əmməyə başladıqdan qısa müddət sonra ağlayaraq məmədən ayrılır.
Körpədə qaz sancısını artıran ən önəmli faktorlardan biri də körpəni tez-tez əmizdirməkdir. Əmizdirmə zamanı körpənin hava udması ilə qaz sancısı daha da artır.
Körpələrdə niyə qaz olur?
Körpədə qaz sancısının əsas səbəbi məmə və ya əmzik (sosqa) əmən zaman hava udmağı və həzm prosesində əmələ gələn qazların artmasıdır. Udulan və həzm prosesində əmələ gələn havanın orqanizmdən atılması çətindir. Bu toplanmış qaz mədə-bağırsaqların gərginləşməsinə səbəb olur və bu da körpənin qarnında qaz sancısı şəklində ağrı verir.
Körpənin həzm sistemi tam olaraq inkişaf etmədiyi və bağırsaq florası tam formalaşmadığı üçün həzm problemləri əmələ gəlir. Bu da qaz sancısına səbəb ola bilir.
Qaz sancısının bir digər səbəbi isə əmizdirilən körpədə laktaza fermentinin bu və ya digər səbəbdən olan azlığı və ya qidalandığı qidanın laktoza ilə çox zəngin olmasıdır.
Ananın yediyi bütün qidalar körpənin əmdiyi südə birbaşa təsir etdyinə görə böyüklərdə də köp verən soğan, sarımsaq, qazlı içəcəklər, narıncı meyvələr, paxlalı bitkilər, kələm kimi qidalar da körpədə qaz sancısı yaradır.
Tez-tez ağlamaq da körpənin hava udmasına səbəb olan bir digər faktordur. Qarın əzələləri yetərincə güclənməmiş, az hərəkətli olan yenidoğulmuş körpənin həzm sistemindəki qazı çıxarması çətindir və bu da ağrı və qaz probleminin yaranmasına gətirib çıxarır.
Körpənin olduğu mühitin çox isti və ya çox soyuq olması da qaz sancısına səbəb ola bilər.
Bundan başqa qaz sancısını artıran digər səbəblər aşağıdakılardır:
-Əlavə qidaya erkən başlanması
-Körpənin altının və ya qarnının uzun müddət islaq qalması
-Bezin (pampersin) uzun müddət yaş qalması
-Körpənin uzun müddət eyni vəziyyətdə hərəkətsiz bir halda yatması
-Hərəkət etməyinə mane olacaq şəkildə bələnməsi
-Tez-tez və düzənsiz qidalandırılması
-Su qəbulunun çox az və ya lazım olandan çox olması (6 aydan böyük körpələr üçün)
Köp zamanı nə etmək lazımdır?
Qaz sancısı körpəyə ağrı və narahatlıq verməklə yanaşı onun qidalanma və yuxusuna da neqativ təsir göstərir. Buna görə də körpənin qazını çıxarmaq lazımdır. Bunun üçün aşağıdakı üsullardan istifadə etmək lazımdır:
-Körpəni üzü üstə uzandırmaq. Körpənin üzü üstə uzandırılması həm onun yuxuya getməsini asanlaşdırır, həm də qarnına təzyiq edərək körpəni narahat edən qazın çıxmasına kömək edir. Lakin körpəni üzü üstə qoyarkən bunu qısa müddətli etmək lazımdır. Bu vəziyyətdə uzun müddət qalaraq yatmasına icazə vermək olmaz. Çünki üzü üstə yatmaq körpələrdə ani körpə ölümünə səbəb ola bilər.
-Kürəyini yavaşca ovmaq. Körpəni çənəsi çiyninizə dayanacaq şəkildə qucağınıza alaraq ya da üzü üstə uzandıraraq kürəyini ovmaq sancıya səbəb olan qazın çıxmasına və körpənin sakitləşməsinə kömək edir.
-Dizlərini qarnına doğru sıxmaq. Körpəni arxası üstə yatırıb və ayaqlarını bükərək dizlərini qarnına doğru sıxmaq onu rahatladacaqdır. Körpələr adətən qaz sancısı zamanı dizlərini qarnına sıxaraq və gücənərək özləri qazlarını çıxartmağa çalışırlar.
-İsti dəsmal . Çox isti olmamasına diqqət edərək isitdiyiniz dəsmalı körpənin qarnına qoyun və ya ayaqlarını bükün. Hər ikisi onu rahatadacaqdır.
-Qarnını masaj etmək. Körpəni arxası üstə yatırdıb qarnını saat əqrəbinin əksi istiqamətində dairə şəklində hərəkətlərlə ovmaq körpənin qaz çıxarmasını asanlaşdıracaqdır.
Qaz sancısının qarşısını necə almaq olar?
Qaz sancısını azaltmaq və körpənin qaz çıxarmasına kömək etmək üçün edilən qaz masajıyla yanaşı körpənin qaz sancısı yaşamaması və ya bu sancının minimuma endirilməsi üçün diqqət edilməsi lazım olan məqamlar vardır:
-Körpəni mümkün qədər sadəcə ana südü ilə qidalandırmaq. Ana südü ilə qidalanan körpələr mama ( süni uşaq qidası) ilə qidalanan körpələrə görə daha az qaz problemi yaşamaqdadır.
-Körpənin əmərkən ağzında boşluq olmayacaq əmzik seçmək və doğru əmzik tutuşuna diqqət etmək
-Gərəyindən çox yedizdirməmək
- Analar qaz verən ( paxlalı bitkilər, kələm, brokoli, süd məhsulları, ədviyyatlı qidalar, gül kələmi, soğan, qazlı içəcəklər, çay, qəhvə, narıncı meyvələr və s.) qidalardan az istifadə etməlidirlər
-Hər qidalandırmadan sonra 10-15dəqiqə qucaqda dik tutaraq qazını çıxartmaq
-Körpənin olduğu otağın isti və ya çox soyuq olmamasına diqqət etmək
-Çox dar paltarlar geyindirməmək (qarnını sıxan paltar geyindirməmək)
-Körpənin hərəkət etməsini təmin etmək kimi önləmlər qaz sancısının qarşısını alır
-Qaz sancısı zamanı panikaya düşməməli , körpəni sakitləşdirməyə çalışmaq lazımdır. Körpəni əmizdirmək, yavaşca yelləmək, laylay demək, maşınla gəzdirmək faydalı olacaqdır. Bundan başqa tozsoran, su, fen səsi kimi monoton və ritmik səslər də körpəni sakitləşdirməyə kömək edir
- Ana südü ilə qidalanan və 6 aydan kiçik körpələrdə bəzi hallarda çobanyastığı və razyana çayı da istifadə edilə bilər (az miqdarda, bəzi hallarda)
Qaz sancısı keçməyən körpələrdə nə etmək lazımdır?
Narahatlıqla bərabər ağlama tutmaları başlayanda qaz problemini həll etmək üçün yuxarıdakı tövsiyyələr işə yaramırsa mütləq həkimə müraciət edilməlidir. Çünki bəzən sancıların yaranmasına mədə-bağırsaq florasındakı dəyişikliklər, ferment çatışmazlığı, qəbizlik, mədə-bağırsaq hərəkətlərinin azalması, bağırsaqlardakı disbiozis də səbəb ola bilər. Bəzi hallarda isə körpənin qidalandığı süni qida qazın əmələ gəlməsinə səbəb olur.
1yaşından böyük uşaqlarda köp
Uşaqlarda köp niyə olur?
Uşaqlar arasında da qarında köp sıx görülən bir problemdir.
Yüngül keçici bir haldan ciddi xəstəliklərə qədər çox sayda səbəbi ola bilər.
Böyük yaşlı uşaqlarda olan köp və ya qaz bəzən çox ciddi sancılara (pristuplara) səbəb olur
Məktəb yaşlı uşaqlarda əsasən quru yemək, abur-cubur, qazlı içəcəklər və qaz əmələ gətirən qidaların istifadəsindən sonra görülür.
Yeməklərini qarışdıran, çox yeyən, mədəsinə soyuq olan uşaqlarda da görülür və keçicidir.
Az hərəkət edən, kilolu, oturaq həyat tərzi olan və xüsusən də axşam vaxtı çox yemək yeyəndə ola bilər.
Bəzən laktaza fermenti çatmayan uşaqlarda süd və süd məhsulları yedikdən görülə bilər.
Uşaqlarda qastrit, xora xəstəliyi zamanı da görülə bilər.
Mədəaltı vəz (pankreas) çatışmazlığı olanlarda qarında qaz və yağlı, pis qoxulu nəcis görülür.
Bəzi hallarda nazik bağırsaqlarda anadan gəlmə ferment çatışmazlığında, öd ifrazı pozulanda, mədə turşuluğu çox və ya az olan da rast gəlinə bilər.
Uşaqlar arasında həzm sisteminin bəzi xəstəliklərində (seliakiya, kistik fibrozis, xroniki pankreas çatışmazlığı) görülə bilər.
Bəzən qəbizliyi olan və antibiotik istifadəsi sonrasında da görülə bilər.
Bəzən də səbəbini dəqiq müəyyən etmək olmur.
Hər bir halda əsas amil qidalanmaya fikir vermək və dieta saxlamaqdır, bəzən müəyyən analizlər verilə bilər.
Çox vaxt dərman müalicəsi effekt verməyə bilər, bu zaman uşaq həkimi tərəfindən təkrar dəyərləndirilməlidir, çünki səbəbləri olduqca çoxdur.
Uşaqda köp olduğunu nece anlayarıq?
Uşaq valideyninə köpü olduğunu anlatmaqda çətinlik çəkə bilər. Ona görə valideyn uşağı yaxşı müşahidə etməlidir. Bu çox zaman valideynin uşağın qarnındakı fiziki dəyişikliyi görməsi ilə anlaşılır. Qaz sancısıyla ortaya çıxan ishalda nəcisin rəngi və konsistensiyası önəmlidir. İshaldan sonra qəbizliyin görülməsi də çox rast gəlinən haldır. Həm qəbizlik, həm də ishal hər ikisi də uşaqlarda qarında ciddi ağrıya səbəb ola bilər. Valideyn tərəfindən uşaqda yaranan ağrı və qaz sancısının ciddiyə alınması ilk başlarda önəmlidir (çünki bəzən hər hansısa bir xəstəliyin ilk əlaməti ola bilər).
Köpün əlamətləri:
-Çoxlu gəyirmə
-Qaz çıxarma
-Qarında şişlik və təzyiq hissi
-Qarın ağrısı kimi əlamətlərlə özünü göstərir.
Köplə bərabər qızdırma da olarsa nə baş verər?
Bu çox zaman uşağın infeksiya keçirdiyi anlama gəlir. Bu halda mütləq həkimə getmək lazımdır. Həkimin yazacağı müalicə infeksiyanın ağırlığına görə dəyişir. Qızdırma ilə köpün bərabər olması ciddi bir xəstəlik əlaməti ola bilər.
Uşaqda köpün keçməsi üçün nə etmək lazımdır?
Bu müddət ərzində uşağa dar paltar geyindirilməməlidir. İçərisində rahat hərəkət edə biləcəyi rahat paltar geyindirilməlidir.
Həmçinin bu müddət ərzində uşağa paxlalı bitkilər (mərci, lobya, noxud) , lifli qidalar (yulaf, bamya, badımcan, çuğundur və s.) verilməməlidir. Sağlıqlı və qaz verməyən qidalar qəbul edilməlidir.
Qazın çıxmasına kömək edəcək fiziki hərəkətlər çox önəmlidir. Adi yerimə, gəzinti və ya qaçmaq da köpün azalmasına səbəb olur.
Uşaq susuz qalmamalıdır. Aşırı miqdarda su içməməlidir, yemək yeyərkən arada su içməməlidir.
Köp problemi yaşadığı müddətdə süd məhsullarının qəbulu tövsiyyə olunmur.
Uşağın tualetə getməsi təşviq olunmalı, böyük və kiçik bayıra ayaq üstə deyil oturaq pozada getməlidir.
Ciddi bir xəstəlik şübhəsi olarsa həkim müayinəsi olmadan isitqacla (qrelka) müdaxilə edilməməlidir. Bəzi hallarda İsitqac müdaxiləsi sadəcə problemin örtbasdır edilmasinə (maskalanmasına) səbəb ola bilər.
Uşağa səbəbini bilmədən yaxşı təsir edəcəyini düşündüyünüz hər hansı dərman preparatını vermək olmaz. Uzun müddət köp davam edən hallarda bununla yanaşı başqa bir əlamətin də olub olmadığını izləmək lazımdır.
Problemin bağırsaqlardan qaynaqlandığını düşünürsünüzsə və yuxarıdakı ağırlaşmaların baş verməyəcəyindən əminsinizsə uşağa bəzi bitkilər o cümlədən xiyar verə bilərsiniz. Bu tərəvəz bağırsağa yaxşı təsir göstərir, onu rahatladır. Çobanyastığı çayı da eyni təsirə malikdir. Bundan başqa nanə çayı dəmləməsi, zəfəranlı çay, şüyüd, razyana çayı da yaxşı kömək edir.
Əgər uşağın köpü israrla davam edir və saatlar keçsə də sakitləşmirsə apendisit və ya bağırsaq tıxanıqlığı kimi bir xəstəlik ola bilər, həkimə (pediatr və ya uşaq cərrahına) getmək lazımdır.
Köp diaqnozu
Köp sancısı dözülməz həddə olarsa həkimə gedilməli və diaqnoz qoyulmalıdır. Həkim ilk növbədə uşağın xəstəlik anamnezi və qidalanma alışqanlığını (nələr yediyini) sorğulayır. Daha sonra hər hansı bir anormallıq və ya həssaslıq olub olmadığını analmaq üçün fiziki müayinə edir. Qarına əllə baxır (palpasiya və perkussiya), sonra stetoskopla uşağın qarnını dinləyir. Lazım gələrsə sidik, nəcis, qan analizi istəyə bilər. Bundan başqa, lazım gələrsə ultrasəs və rentgen müayinəsi də oluna bilər.
Müalicəsi
Dərmanlarla yanaşı 1yaşdan böyük uşaqlarda bəzi bitkilərdən istifadə edilə bilər.
Zəncəfil ürək bulanma, həzm problemi, köp və mədə soyuqlamasına xeyirlidir.
Çobanyastığı çayı sakitləşdirici təsiriylə yanaşı qaz sancısına, iltihaba da müsbət təsir edir.
Nanə çayı mədədəki qurultuları aradan qaldırır və sancının keçməsinə kömək edir.
Cirə (kimyon) toxumu çeynəmək də köpə yaxşı təsir edir.
Balqabaq yemək də da köpün qarşısını alır və həzmi asanlaşdırır.
Əgər bu yöntəmlər kömək etmirsə həkimə gedərək səbəbi araşdırılmalı və lazım gələrsə köp üçün simptomatik təsir edən dərman vasitələrindən istifadə edilə bilər.