
Uşaqlarda nəcisdə qan görülməsi.
Uşaqlarda nəcisdə qan görülməsi, yəni anusdan qan gəlməsi uşaqlarda nisbətən az görülsə də valideynləri ən çox narahat edən durumlardan biridir.
Uşaqlarda rektal qanaxma səbəbləri yaşa görə dəyişir və müxtəlifdir:
Anal çatlar.
Çox zaman qəbizlikdən dolayı sərtləşmiş nəcis anus ətrafında anal fissur dediyimiz çatlara səbəb olur. Anal çatlar uşaqlarda rektal qanaxma səbəbələri arasında 1ci yerdədir. Bu hal daha çox abur cubur yeyən,quru qidalanan ,yetəri qədər su içməyən uşaqlarda rastlanır. Qanaxmanı dayandırmaq və anal fissurun müalicəsi üçün qəbizliyi aradan qaldırmaq lazımdır. Böyük bayıra gedəndə ağrı hiss edən uşaq defekasiya aktını ləngitməyə çalışır. Bu da nəcisin daha çox sərtləşməsinə, daha çox ağrıya səbəb olur. Bunu önləmək üçün ilk öncə uşağın qidalanma və yaşam tərzini dəyişmək lazımdır.
Bundan başqa uşaqlarda rektal poliplər, hemoroidlər, bağırsaqların invaginasiyası, Meckel divertikulu, Crohn xəstəliyi, xoralı kolit, bağırsaq infeksiyaları və parazitlər qanaxmaya səbəb ola bilir. Bəzi qidalar və dərmanlar da nəcisin rəngini dəyişə bilir.
Sadəcə nəcisin rənginə baxmaqla rektal qanamanın növünü və səbəbini təyin etmək hər zaman mümkün deyil. Rektal qanamanın səbəbi qəbizliklə yanaşı digər bağırsaq rahatsızlıqları da ola bilər. Buna görə də həkimə müraciət edib müayinə olunmaq lazımdır. Nəcisdə qan görülməsi mədə bağırsaq traktındakı qanaxma ilə də əlaqəli ola bilər. Mədə və nazik bağırsaqların yuxarı hissələrindən olan qanaxma zamanı nəcisin rəngi tünd qara (melena) olur. Çox vaxt uşaq qəhvə təlvəsinə bənzəyən tünd qırmızı və ya qara rəngdə qusur.
Yoğun bağırsaqlarda qanaxma zamanı nəcisdə parlaq qırmızı qan görülür.
Anal fissurun əlamətləri.
-Defekasiya aktının ağrılı olması
-Bezdə və ya iç paltarında kiçik ləkələr şəklində görülən açıq qırmızı qan
-Anusta, adətən arxa divarda çatlar
-Qəbizlik səbəbiylə nəcisin daha həcmli və sərt olması
-Nəcisdə açıq rəngli (təzə) qan görülməsi
Rektal polip
Bağırsağın selikli qişasının vəzili epitelindən inkişaf edən törəmədir. Uşaqlarda ən geniş yayılmış qanama səbəblərindəndir. Bəzi poliplər sapsız, bəziləri isə bir sap ilə bağırsaq divarına bağlıdır. Uşaqlarda adətən 5-15 yaşlar arasında görülür. Ölçüləri 2-20 mm qədər ola bilir. Sayları bəzən tək, bəzən isə hətta 10 a çata bilir. Asanlıqla qanayarlar, 70% i rektumda(düz bağırsaqda) , 15% i isə sigmoid (çənbər bağırsağın “S”ə bənzər hissəsində) bağırsaqda rast gəlinir. Adətən xoşxassəli olsalar da patoloji müayinə edilməlidir.
Rektal polip əlamətləri.
-İlk əlamət nəcisdə qan görülməsidir. Qan nəcisə bulaşmış zolaq şəklində, ya da defekasiya aktından dərhal sonra bir neçə damcı şəklində görülür.
-Defekasiya zamanı anusdan polip sallanması
-Qarında tutmaşəkilli ağrılar. Defekasiya aktından sonra ağrı zəifləyir və ya tamamilə itir.
-Yüngül ishal
Bağırsaqların invaginasiyası .
Ən çox 4-12 aylıq uşaqlarda görülə bilməklə yanaşı bütün yaş qruplarında rast gəlinir. Bağırsaqların bir-birinin içinə barmaq kimi girməsi halıdır. Bağırsağın bütün hissələrində yarana bilir. Adətən səbəbi bəlli deyil. Daha böyük uşaqlarda isə bu duruma bağırsaq polipləri, anadangəlmə divertikullar, ileocekal qapaq patologiyası , düzgün qidalanmamaq yol aça bilir.
Bağırsaq invaginasiyasının əlamətləri
- Uşaq böyük bayıra çıxmaq istəmir, çıxınca da nəcisdə parlaq qırmızı rəngdə selikli qan görülür.
-Spazm şəklində gedib gələn ağrılar
-Qarında şişkinlik
-Qusma
-Halsızlıq (çoxlu maye itirdiyi üçün)
-Qızdırma
Meckel divertikulu əlamətləri
-Qarında yüngül və ya şiddətli ağrı
-Nəcisdə qan
-Anidən başlayan, çoxlu, ağrısız və öz-özünə dayanan qanaxma
-Uşağın rənginin solğun olması (çoxlu qan itirməklə əlaqəli)
-İltihab, qızdırma
-Ürəkbulanma, qusma
-Göbək dəliyi ətrafında həssaslıq
Uşaqlarda rektal qanaxmanın diaqnostikası.
Anus çatı zamanı nəcisdə zolaq şəklində qan görülməsi tipikdir. Defekasiya aktının ağrılı olması,uşağın böyük bayıra çıxmaq istəməməsi anladılır. Anal müayinə ağrılıdır.
Rektal polip (Juvenil polip)
Diaqnoz barmaqla rektal müayinə etməklə qoyulur. Şübhəli durumlarda yoğun bağırsağın kontrastlı rentgenoqrafiyası və ya endoskopik müayinə ilə diaqnoz qoyulur.
Bağırsaqların invaginasiyası.
Diaqnoz zamanı xəstəlik tarixi araşdırılır, qarında şişkinlik və göbək nahiyəsində həssaslıq müşahidə edilir. Qan testləri və qarın boşluğunUSM edilir, rentgen çəkilir.
Meckel divertikulu.
Diaqnozun qoyulmasında klinik əlamətlər önəmlidir. Uşaqlarda qanaxma və qarın ağrısı əlamətləri görüldüyündə ilk olaraq qarın boşluğu USM edilir. Meckel sintiqrafiyası edilir. Mübahisəli hallarda diaqnozu dəqiqləşdirmək üçün MRT çəkilir, laparoskopik diaqnostika aparılır.
Uşaqlarda rektal qanaxmanın müayinə üsulları.
Anal çat (anal fissur).
Müalicə üçün ilk öncə qəbizlik aradan qaldırılmalı. Eyni zamanda ilıq su vannasında oturmaq və ağrıkəsici kremlərdən istifadə etmək olar. Ağrısız defekasiya və sərtliyi azalmış nəcis müalicəylə yaxşılaşma olduğunun göstəricisidir. Lakin xəstəliyin təkrarlana biləcəyi unudulmamalı, ailə qidalanma və tualet alışqanlıqları mövzusunda məlumatlandırılmalıdır. Xronikləşmə olduğu hallarda əməliyyat gərəkə bilər. Uşaqlarda cərrahi əməliyyata nadir hallarda baş vurulur.
Rektal polip (Juvenil polip)
Müalicə cərrahi əməliyyatla polipin çıxarılmasıdır. Polip sapı içində bəsləyici damar olduğundan qanaxma diqqətli şəkildə kontrol edilməlidir. Uşaqlarda adətən polip sayı birdən çox olmur, lakin say birdən çox olarsa və ya bağırsağın digər hissələrində də polip varsa mütləq kolonoskopiya edilməli və çıxarılan hər polip mikroskop altında incələnməlidir.
Bağırsaqların invaginasiyası.
İlk öncə xəstə müayinə olunub vəziyyəti stabilləşdirilməlidir. Xəstəyə maye və mineral elektrolit qoşulur. Ağızdan qidalanma dayandırılır. Daha sonra rentgen çəkilməli, USM olunmalıdır. Sonra iç-içə keçən bağırsaqlar barium imaləsi və havayla açılmağa çalışılır. Açılmazsa bu zaman cərrahi yol seçilir, beləliklə əməliyyatla iç-içə keçmiş bağırsaqlar açılır.
Meckel divertikulu.
Müalicəsi cərrahidir, divertikuloektomiya edilir. Lakin bəzi hallarda divertikula yaxın nazik bağırsaq da zədələnmiş olur. Bu zaman divertikul və ətrafındakı nazik bağırsaq çıxarılır.