Uşaqlarda qarın ağrıları


Qarın ağrısı (sancı,ağrı) uşaqlarda olduqca sıx görülən bir durumdur. İstər valideynlər, istərsə də həkimlər arasında ciddi yanaşma, diqqət tələb edən bir durumdur. Xüsusən də yaşa bağlı olaraq dəyişgənlik göstərir. Səbəbi hər nə olursa olsun həkim müayinəsindən keçmək vacibdir. Adi bir bağırsaq sancısından, qəbizlikdən tutmuş ciddi qarın içi orqanların xəstəliyinə qədər bir çox problem özünü qarında ağrı ilə göstərə bilər. Ağrıların şiddəti uşağın yaşından, psixoloji vəziyyətindən, uşağın həssaslığından asılı olaraq dəyişir.

1yaşına qədər olan körpələrdə ən çox bağırsaq sancıları, infantil kolika, reflüks xəstəliyi kimi problemlərdən tutmuş bağırsaq keçməzliyi (invaginasiya) və digər cərrahi xəstəliklər səbəbindən olur.

Məktəbəqədər və məktəb yaşlı uşaqlarda ən sıx görülən səbəb mədə-bağırsaq infeksiyalarıdır(qastroenteritlər). Ən sıx görülən cərrahi xəstəlik isə appendisittir.Qarın boşluğunda çox sayda orqan yerləşdiyi üçün ağrının hardan qaynaqlandığını müəyyən etmək olduqca çətindir və labaratoriya və instrumental müayinələr olunmalıdır.

Qarın ağrısı səbəbi ilə müraciət edən uşaq pediatr və ya uşaq cərrahı tərəfindən müayinə olunaraq həyat üçün təhlükəli xəstəliklər inkar olunmalıdır. Müayinədə qarında həssaslıq varsa mütləq rentgen, ultrasəs və ya durumun ciddiyətinə görə lazım gələrsə kompyuter tomoqrafiya, maqnit-rezonans tomoqrafiya(MRT) kimi müayinələr də oluna bilər.

Mədə-bağırsaq infeksiyaları çox zaman qusma, ishal,qarında ağrı kimi əlamətlər versə də bəzən qusma olmaya bilər, ürəkbulanma və qarında şiddətli sancı və yumşaq nəcisə getmə kimi şikayətlər də ola bilər. Bəzən də heç bir qusma, ishal, temperatur olmadan qarın daxili limfa düyünlərində iltihab da qarın ağrılarına səbəb ola bilər.

Qastrit, mədə xorası əvvəlcədən mədəsində problem olan uşaqlarda qarın ağrısına səbəb olur, ağrı döş sümüyünün aşağısında, göbəyin üstündə ola bilər və ya kürəyin ortasına da ötürülə bilər.

Pankreatitlər zamanı(mədəaltı vəzin iltihabı) xəstədə çox şiddətli qarın ağrıları və qusma olur, xəstə yemək yeyə bilmir və ağrılar adi ağrıkəsicilərlə keçmir.

Öd kisəsinin iltihabı zamanı ağrı sağ qabırğaaltı nahiyədə olur, ürəkbulanma, qusma, temperatur bəzən də sarılıq görülür.

Ümumiyyətlə qarın ağrılarında ilk növbədə ciddi, həyat üçün təhlükəli cərrahi xəstəlikləri inkar etmək lazımdır. Bunun üçün pediatr və ya uşaq cərrahı müayinəsi lazımdır. Cərrahi xəstəliklər zamanı olan ağrılar həkimə diaqnoz qoymağa kömək etdiyi üçün həkim müayinəsinə qədər ağrıkəsici içmək olmaz. Ağrıkəsici ağrını azaldaraq cərrahı və ya xəstənin valideyinini yanıldar və xəstənin diaqnozu gecikər. Ancaq ciddi cərrahi səbəblər inkar olunduqdan sonra xəstəyə ağrıkəsicilər vermək olar.

Pediatrik xəstəliklərdən ən çox görülənləri cərrahi olmayan funksional qarın ağrıları deyilən xəstəliklərdir. Bunlar içərisində bağırsaqda qaz sancıları qəbizlik (yüngül də olsa) çox sıx rast gəlinir. 

İnfantil kolika nədir?

İnfantil kolika yenidoğulan körpəlrdə görülən ilk 2-3 həftədən sonra başlayan xüsusən də günortadan sonra axşama doğru şidddətlənən qarın sancılarıdır. Körpə ağlayır, qızarır, ayaqlarını qarnına doğru çəkərək dayanmadan ağlayır və heç nə ilə sakitləşmir.

Bunun əsas səbəbi körpələrin mədə-bağırsağının tam formalaşmaması, sinir sisteminin inkişafını başa vurmaması, qaz sancıları, bəzi allergenlərin bağırsaqda ağrı verməsi, çox qidalanma, az qidalanma, qaz çıxarda bilməmək, ailədə stressin olması kimi faktorlardır. Bu haqda ətraflı məlumatı İnfantil Kolika haqqında bloqumuzdan əldə edə bilərsiniz.

Qarın ağrısının digər səbəbləri

Cərrahi olmayan xəstəlikləri aşağıdakı kimi sıralaya bilərik:

  • Qastroenteritlər (virus və ya bakteriyal mənşəli)
  • Qəbizlik
  • Daxili orqanlarda olan xəstəliklər (pankreatit, xolesistit, qastrit, reflüks)
  • Laktoza intoleransı
  • Qarın içində olan limfa düyünlərinin böyüməsi (mezenterik limfadenit)
  • Sidik yollarında olan infeksiyalar
  • Bağırsaqlarda olan iltihabi xəstəliklər ( Kron, xoralı kolit)
  • Qızlarda cinsiyyət sistemi xəstəlikləri (qadın xəstəlikləri)
  • Bəzi parazit infeksiyaları
  • Çölyak xəstəliyi
  • Bəzi böyrəküstü vəz xəstəlikləri
  • Qida zəhərlənməsi
  • Qurğuşun zəhərlənməsi
  • Bəzi dərmanların təsiri
  • Yad cisim udulması
  • Soyuqlama
  • Ailəvi Ağdəniz Qızdırması (FMF)
  • Revmatolojik xəstəliklər
  • Böyrək xəstəlikləri 
  • Qarın damarlarında olan iltihab (Vaskulit)
  • Qarın damarlarının sıxılması (superior mezenter arteriya sindromu SMA)
  • Qarın miqreni
  • Bəzi limfomalar, xərçəng növləri və s.
  • Bəzi qan xəstəlikləri (oraqvari hüceyrə anemiyası)
  • Porfiriyalar

Bunlardan başqa mədə-bağırsaq sistemi ilə əlaqədar olmayan bəzi xəstəliklər də bəzən ciddi qarın ağrısına səbəb ola bilər. Xüsusən şəkərli diabet (hələm diaqnozu qoyulmamış-diabetik ketoasidoz vəziyyəti), pnevmoniya (ağciyərlərin alt payında olan), allergiya kimi xəstəliklər də ciddi qarın ağrısı ilə gələ bilər.

Müayinə, labaratoriya və görüntüləmə (USM, doppler,   rentgen, endoskopiya,KT, MRT) sonrasında heç bir patalogiya aşkarlanmaya bilər. Bu hallarda funksional qarın ağrısı səbəb kimi göstərilir. 

Funksional qarın ağrısında nə etməli?

Bu zaman uşağın qidalanmasına fikir verilməlidir. Tez həzm olunan, az yağlı, qaz əmələ gətirməyən, mədə-bağırsağı qıcıqlandırmayan qidalar az-az qəbul edilməli. Bol su içilməlidir. Şirniyyat, kremli, baharatlı, yağlı qidalardan, qazlı sulardan uzaq durmaq lazımdır. Stressdən uzaq olmaq lazımdır. Bəzən çox şiddətli olmayan amma tez-tez təkrarlanan ağrıların səbəbi uşaqdakı gərginlik ola bilər. Bu ən çox baxçaya, məktəbə gedən, yaxınlardan birinin başqa yerə gedən və ya yaxınlardan birini itirən uşaqlar arasında tez-tez görülür. Belə uşaqlar bəzən qarın ağrısı ilə yanaşı ürəkbulanmadan da şikayət edirlər və tez-tez qusmaları olur.

Əgər həkim müayinələri nəticəsində uşağa funksional qarın ağrısı diaqnozu qoyulubsa bu zaman bəzi əl altında olan vasitəlrdən də istifadə etmək olar.

Nanə dəmləməsi (quru və ya yaşıl) nanə yağı qarın sancılarında yaxşı effekt verir. Əgər qarın boşluğunda hər hansı bir iltihab yoxdursa o zaman quru isti uyğulamaq da kömək edə bilər. Bəzən zəncəfil dəmləməsi, ballı su ( 1çay qaşığı balı 1fincan suya qarışdırıb içirtmək), bəhməzli su (10ml bəhməzi 1 fincan suya qarışdırıb içmək), limonlu ilıq su içmək (yarım limonu 1fincan suya sıxıb içmək-mədədə qastrit yoxdursa), isti duş almaq, ayaqları isti suya qoymaq, nanə cövhər ilə qarını masaj etmək kimi əl altı vasitələr qarın ağrılarını yüngülləşdirə bilər. Bu vasitələr əgər uşaqda müayinə sonrasında ciddi bir sağlıq promlemi aşkarlanmayan hallarda istifadə oluna bilər.

Əgər ağrılar qəbizliyə bağlıysa o zaman imalə olunduqdan sonra lifli meyvə qurularını yemək və ya dəmləyib suyunu içmək faydalı ola bilər. Məsələn bu hallarda əncir qurusu (1ovuc əncir qurusu gecədən ilıq suya qoyularaq isladılır, səhər acqarına bir neçə ədəd yeyilir), zeytun yağı qarın ağrısına kömək edə bilər. İshal zamanı olan ağrılarda probiotiklər bəzən ağrıya kömək edə bilər.

Amma irəliləyən zamanlarda uşaqda öd qarışıq qusma, nəcisdə qan, temperatur, çox şiddətli gedərək artan ağrılar varsa gecikdirmədən təkrar müayinəyə getmək lazımdır.

Əgər qarın ağrıları 2-3 həftədir varsa buna kəskin qarın ağrıları deyilir, əgər 2aydan çoxdursa buna xroniki və ya təkrarlayan qarın ağrısı deyirlər. Kəskin ağrılar çox zaman keçib gedir. Xroniki ağrılar araşdırılmalıdır. Bəzən heç nə tapılmasa belə vaxtaşırı təkrarlayan müayinələrdən səbəbi tapmaq mümkün olur.

Bizi sosial mediada izləyin