Uşaqlarda qan azlığı (Dəmir əksikliyi)


Uşaqlarda qan azlığı hər yaşda görülə bilər. Lazım olan qədər ana südü ala bilməmək, əlavə qidaya vaxtında keçməmək, böyümənin sürətli olduğu 2 yaş civarında, yeniyetmə dövründə bir də tez-tez xəstələnənlərdə qan azlığı görülə bilər.

Biz burada dəmir əksikliyinin səbəb olduğu anemiya haqqında danışacağıq.

Anemiya qırmızı qan hüceyrələrinin və hemoqlobinin yaşa görə olan normal dəyərlərinin altına düşdüyü hala deyilir. Dəmir əksikliyi anemiyası körpələrdə anada qan azlığının olması, yarımçıq doğulmuş uşaqlarda, doğulandan sonra uzun müddət xəstəxanada yatan, yaxşı qidalanmayan, daha böyük uşaqlarda isə seçici qidalanan. Tərkibində dəmir olmayan qidalardan çox istifadə edənlərdə və ya tərsinə dəmir olan qidaları (qırmızı ət, bəzi meyvə və tərəvəzlər) yeməyən/az yeyən uşaqlarda görülür.

Qırmızı qan hüceyrələri (eritrositlər) bütün orqan və toxumalara oksigen daşıdığı üçün qan azlığı olan uşaqlarda toxumalar oksigensiz qalır, beyinə, iştahaya, inkişafa bir başa təsir edir. Qan azlığı olan uşaqlar adətən yorğun, iştahsız olur, rəngləri solğun olur, yaddaşları zəif olur, tez yorulurlar, ürəkdöyüntüləri çox olur, halsız olurlar.

Dəmir əksikliyi anemiyası bütün dünyada anemiyanın ən sıx səbəbidir. Səbəbləri yuxarıda deyildiyi kimi alım azlığı, sıx xəstələnmə ilə yanaşı mədə-bağırsaq və ya digər orqanlardan olan xroniki qan itirmədir.

Normalda vaxtında doğulan uşaqlarda qan azlığının qabağını almaq üçün profilaktik olaraq vaxtında doğulan körpələr üçün dəmir preparatları verirlər. Bu profilaktika 2yaşına qədər davam etməlidir. yarımçıq doğulan uşaqlarda isə bu profilaktika uşağın ümumi vəziyyətinə bağlı olaraq 1-2 aylığından başlanır.

Bəzən uşaqlarda dəmir preparatlarının düzənli olaraq verilməsinə baxmayaraq yenə də qan azlığı olur. Bu zaman qan azlığının səbəbinə baxmaq lazımdır. Yəni qan azlığının səbəbi doğurdanmı dəmir əksikliyidir, yoxsa başqa bir xəstəlikdən qan azlığı olur. Bunun üçün müxtəlif qan analizləri vermək lazım gəlir.

Bəzi anadangəlmə xəstəliklərdə də qan azlığı görülə bilər. Bunun üçün uşağı bir pediatra göstərib səbəbini axtarmaq lazımdır. Uşaqda sarılıq, dalaq, qaraciyər böyüməsi varmı, Talassemiya deyilən irsi bir xəstəlik varmı bunlar araşdırılmalıdır.

Bəzən də qan azlığına səbəb az miqdarda amma uzun müddət olan qan itirmədən də ola bilər. Məsələn uşaqlarda mədə xorası, yemək borusunda qanayan bir eroziya, yoğun bağırsaqlarda polip, düz bağırsaqlarda çat varmı ona baxmaq lazımdır. 

Bəzi mədə bağırsaq xəstəliklərində həzm sistemində dəmirin sorulması pozulur. Bu halda pozulmanın səbəbini aydınlaşdırıb, lazım gələrsə dəmiri damardan da vermək olar amma bu xəstəxana şəraitində həyata keçirilməlidir, çünki dəmir preparatları damardan verildikdə allergiya verə bilər.

Dəmir əksikliyi ciddi bəzən də geriyə dönməyən dəyişikliklərə səbəb olduğu üçün vaxtında aşkarlanmalı və müalicə edilməlidir. Ən idealı isə dəmir əksikliyini önləməkdir, profilaktikasını aparmaqdır.

Müalicəsində müxtəlif dəmir preparatlarından istifadə olunur. Bir uşağa dəmir preparatı vermək hər zaman dəmir əksikliyinin qabağını almaz. Buna görə də vaxtaşırı analizlərlə kontrol etmək lazımdır. Dəmir preparatı doğru dozada, doğru qəbul edilirmi, lazım olan qədər müddətdə qəbul edilirmi, verilən dəmirin sorulmasını əngəlləyən bir faktor varmı bunlara diqqət edilməlidir.

Bəzi dəmir preparatları (2valentli olanlar) acqarına qəbul edilməlidir. Qəbul edərkən dişlərə toxunmamalıdır, bol su ilə alınmalıdır. Dərmanların çoxunda spesifik dəmir dadı olduğu üçün bəzən uşaqlar bu preparatları qəbul etmək istəmirlər. Bu zaman bu preparatları portağal suyu ilə vermək olar. Portağal suyunun tərkibində olan C vitamini dəmirin sorulmasına kömək edir.

Gündə 2 və ya 3 dəfə qəbul edilə bilər. Mümkünsə dəmir preparatı qəbul edəndə ən az 2saat ərzində süd verilməməlidir. başqa dərmanlarla arasında ən az 1saat ara vermək lazımdır. Dəmir preparatları ən az 3 ay verilməlidir. Çünki qanda dəmir və hemoqlobinin səviyyəsi artsa da depolar dolmadığı üçün dərmanı kəsdikdən sonra təkrar qan azlığı yaranır. Dəmir preparatları bəzən ürəkbulanma, qəbizlik, bəzən də ishala səbəb ola bilər, mədə ağrısı verə bilər. Bu halda verilən dəmir dozasını azaltmaq uşağın ala biləcəyi dozanı vermək bir neçə gün sonra dərmanın dozasını yavaş-yavaş artırmaq lazımdır.

Bəzi dəmir preparatları isə yeməkdən sonra (3 valentli dəmir) verilə bilər. Bunlar mədə bağırsaqda az yan təsir yaradır. Amma hemoqlobin səviyyəsini yavaş artırırlar. Normalda birinci qrup (2valentli) preparatlar verilməlidir. Bunlar həzm sistemindən yaxşı sorulur və qan azlığını tez və keyfiyyətli düzəldirlər. Əgər uşaq bu dərmanları heç cürə qəbul edə bilmirsə bu zaman digər dəmir preparatları (3 valentli) verilə bilər.

Keçi və inək südü uşaqlarda qan azlığına səbəb olur, ona görə də buna diqqət etmək lazımdır. Dəmir əksikliyinin qabağını almaq üçün uşaqlara 6ayına kimi ana südü bu olmadıqda isə dəmirlə zənginləşdirilmiş uşaq yeməkləri verilməlidir. 6 aylıqdan etibarən əlavə qidaya keçilməlidir və dəmirlə zəngin olan qidalar verilməlidir.

Hansı qidalarda dəmir çoxdur?

Toyuq əti

Dana əti

Quzu əti

Balıq (somon)

Toyuq, dana qaraciyəri

Yumurta, düyü, mərcimək, ispanaq, lobya, ərik qurusu

Dəmirin bağırsaqlardan sorulmasını artıran qidalar: portağal, mandarin, kivi, çiyələk, pomidor, kartof, gül kələmi, brokoli, yaşıl yarpaqlı tərəvəzlər

Dəmirin bağırsaqlardan sorulmasını azaldan qidalar: inək südü, taxıllar, kəpəkli qidalar, çay, kakao, kola, kofeinli içkilər, kalsiyum duzları, yağlı yer fıstığı, soya və s.

Ona görə də dəmir əksikliyi olan uşaqlar bol ət, qaraciyər, somon balığı. Yumurta yeməlidir. mütləq yeməklərlə birlikdə yaşıl tərəvəzlərdən istifadə etməlidir. Paxlalılardan  noxud, lobyada həm C vitamini həm də bol miqdarda dəmir var. 1 pors quru paxlalılarda təxminən 4mq dəmir vardır. Ara öyünləri yeyərkən 1qaşıq üzüm qurusu (kişmiş), 2 dənə də qoz yemək faydalı olar. Ümumiyyətlə quru meyvələrdə həm vitaminlərin həm də dəmirin miqdarı yüksək olduğu üçün çalışmaq lazımdır ki, qış aylarında uşaqlara hər gün meyvə qurusu verilsin. 

Balqabaq tumunda da dəmirin miqdarı yüksəkdir və bu da uşaqlar üçün bir seçənək ola bilər. Kinoa toxumları da günlük verilə bilər. Yəqin ki, hər evdə bəhməz var. 1çay qaşığı bəhməzdə təxminən 1mq dəmir vardır. Hər gün acqarına 1qaşıq bəhməz də dəmir əksikliyi olan uşaqların müalicəsinə kömək edəcək.

Birdə qidaların içərisində dəmirin olması təkbaşına yetərli deyil. Bəzi qidalarda dəmir çox olsa da bədəndən sorulmur. Burada əsl önəmli olan dəmirin Hem formada olmağıdır, məhz bu formada olan dəmir bağırsaqlardan yaxşı sorulur.

Yuxarıda içərisində dəmir olan qidalar hissəsində məhz hem dəmiri olan qidalar verilib.


Bizi sosial mediada izləyin