
Uşaqlarda mədə-bağırsaq traktında yad cisimlər
Uşaqlarda yad cisim udulması sıx görülən bir durumdur. Ən çox 6ay-3yaş arası görülür. Mədə-bağırsaq traktına düşən yad cisimlərin 80-90%-i heç bir ağırlaşma olmadan öz başına çıxsa da 10-20% hallarda endoskopik, 1% hallarda isə açıq cərrahi müdaxilə lazım olur. Bu səbəblə yad cisim uşaq qastroenteroloji praktikasında problemli və ciddi məsələlərdən biridir. 2000ci ildə Amerika Zəhərlənmələrə Nəzarət Komitələri Birliyinin hesabatında 116000dən çox yad cisim udan uşaqların 75%-nin 5yaşından kiçik uşaqlar olduğu bildirilmişdir. Xoşbəxtlikdən yemək borusunda olan yad cisimlərin 90%-i hər hansı bir ağırlaşma olmadan öz-özünə mədəyə düşür. Təxminən 10% hallarda yad cisimlər mədə çıxacağı, on iki barmaq bağırsaq, iliosekal qapaq, Meckkel divertikulu və ya anusdan keçə bilmir və mədə-bağırsaq traktında qalır. Endoskopiyanın zamanlanması uşağın yaşı, son yemək saatı, yad cismin udulma saatı, lokalizasyonu və ölçüsünə bağlı olaraq dəyişir.
Yemək borusu. Böyüklərdən fərqli olaraq uşaqlarda yemək borusu yad cisimləri bilməyərəktən udulma zamanı olur. Uşaqlarda boğaz ağrısı, tüpürcək və qida maddələrinin udulmasının çətinləşməsi, bəzən də öyümə,qusma şikayətləri olur. Yemək borusu yad cisimləri 24 saat ərzində öz-özünə keçmirsə, anatomik anomaliya və ya özofagus perforasiyası ehtimalı nəzərə alınmaqla çıxarılmalıdır. Yemək borusunda düymə şəklində olan batereyaların olması halında simptom olmasa belə 2 saat içində təcili çıxarılmalıdır. Sikkələr, maqnitlər, kəskin uclu yad cisimlər və ya yemək borusuna daxil olan qidalar, tüpürcək sekresiyasını idarə etmək mümkün olmadıqda, 2 saat ərzində çıxarılmalıdır. Asimptomatik uşaqlarda onlar 24 saat ərzində çıxarıla bilər. Yemək borusunda olan uzun yad cisimlər simptomların mövcudluğundan asılı olmayaraq 24 saat ərzində çıxarılmalıdır.
Mədə. Mədəyə düşən batereyalar simptomu olan uşaqlarda ölçüsünə baxılmadan çıxarılmalıdır. 5 yaşdan kiçik uşaqların mədəsində yerləşən ≥20 mm ölçülü düymə şəklində batareya 24-48 saat ərzində çıxarılmalıdır. Əgər mədədə olan yad cisimlər seriya şəklində çəkilən rentgenlərdə hərəkət etmirsə və uşaqda hər hansı bir şikayət yoxdursa 24 saat müşahidə altında tutula bilər. Semptomatik uşaqlarda mədədə olan maqnitlərin 2 saat ərzində çıxarılması tələb olunur. Asimptomatik uşaqlarda 24 saat ərzində çıxarılmalıdır. Simptomatik uşaqların mədəsində olan sikkələr 24 saat ərzində çıxarılmalıdır. Asemptomatik uşaqlarda bunlar 24 saat ərzində müşahidə oluna bilər. Mədədə olan uzun və ya böyük yad cisimlər 24 saat ərzində çıxarılmalıdır.
Nazik bağırsaqlar. Nazik bağırsaqlarda olan yad cisimlər çox vaxt ağırlaşmalar olmadan spontan çıxır. Ailəyə uşağın nəcisini izləmək önərilir. Əgər bir həftə içərisində yad cisim çıxmadıysa o zaman yad cismin yerini dəqiqləştirmək üçün rentgen filmi çəkmək önərilir.
Yad cismin növləri.
Sikkə (Qəpik). Sikkənin öz-özünə keçidinə təsir edən amillər onun qida borusunda yerləşməsi, uşağın yaşı və sikkənin ölçüsüdür. Adətən, uşaqlarda udulmuş sikkələrin spontan keçid nisbəti təxminən 30% -dir. Qəpik udan amma hər hansı bir şikayəti olmayan uşaq(tənəffüs çətinliyi, anamnezində yemək borusunda cərrahi əməliyyat olunması, qəpik udmadan keçən müddət <24saat) hər hansı bir invaziv prosedura(endoskopiya və ya cərrahiyə) edilmədən 12-24saat gözlənə bilər. Yemək borusunun üst və orta 1/3 hissəsində olan qəpik endoskopik çıxarılmalıdır, alt ucda yerləşənlərin 60%-i öz-özünə mədəyə keçir. Əgər qəpik yemək borusundan öz-özünə keçdiysə onda böyük ehtimalla öz-özünə çıxacaqdır. Ölçüsü >23,5 mm olan sikkələrin, xüsusən də <5 yaş olan uşaqlarda ilişib qalma ehtimalı daha yüksəkdir. Diametri >25 mm olan sikkələrin, xüsusilə kiçik uşaqlarda, yemək borusundan uğurla keçsələr də, pilordan keçmə ehtimalı azdır. Qəpik udma şüphəsi olan uşaqlara rentgen filmi çəkilməlidir. Yad cismin qəpikmi yoxsa yuvarlaq batereyamı olmasını ayırd etmək çox önəmlidir. Yuvarlaq batereyalarda çox vaxt rentgendə xarakterik ikiqat Halo işarəsi olur(şəkil1)
Şəkil 1
Fəsadların tezliyini azaltmaq üçün özofagus sikkələri 24 saat ərzində çıxarılmalıdır. Tüpürcəyi udmaqda çətinlik çəkən və ya tənəffüs çətinliyi ilə müraciət edən simptomatik uşaqlarda təcili endoskopik olaraq çıxartmaq lazımdır. Özofagus sikkələrinin çıxarılmasından sonra, zədələnmə olub-olmamasını qiymətləndirmək üçün özofagus mukozasının diqqətlə endoskopik müayinəsi tələb olunur. Mədədə olan udulmuş sikkələr asimptomatik uşaqlarda izlənməli, nəcislə sikkənin keçməsinə nəzarət edilməli və sikkənin keçidi təsdiqlənənə qədər hər 1 və ya 2 həftədən bir ardıcıl rentgen filmi çəkilməlidir. Əgər sikkənin 2-4 həftədən sonra da mədədə qaldığı müşahidə edilərsə, planlı endoskopiya olunub çıxarılmalıdır. Əgər sikkə nazik bağırsaqda yerləşirsə, lakin uşaqlar asemptomatikdirsə, klinik izləm uyğundur. Bununla belə, bağırsaq obstruksiyası və ya perforasiya əlamətləri ilə müraciət edən uşaqlarda cərrahi yolla çıxarılması icra olunmalıdır.
Yuvarlaq düymə şəkilli batereyalar.
Son zamanlar olduqca sıx görülür. Sikkəmi yoxsa batereyamı olduğunu fərqləndirmək vacibdir. Batereyalar lokal həm kimyəvi, həm də elektrik yanığı verə bilər. Yemək borusuna pərçimlənmiş batereya 4saat içərisində yanıq verə bilər. Adətən, kiçik düyməli batareyalar (diametri ≤20 mm) daha böyük düyməşəkilli batareyalarla (diametri ≥20 mm) müqaisədə ciddi fəsadlara səbəb olmur. Qərbi Amerika Pediatrik Gastroenteroloji, Hepatoloji və Qidalanma dərnəyi (NASPGHAN)yemək borusunda olan batereyaları ilk 2saatta çıxarmağı tövsiyyə edir.
Maqnitlər.
Maqnit udmaları da uşaqlarda sıx görülür. Əgər tək və böyük olmayan maqnitsə öz-özünə çıxması gözlənə bilər. Əgər maqnit tək deyilsə 2 və daha çoxdursa və ya bir maqnit və bir metal varsa irəlidə bir-birinə yapışaraq selikli qişanın nekrozu, perforasiyon, fistula kimi ağırlaşmalar verdiyi üçün təcili çıxarılmalıdır. Maqnit udma şüphəsi olan bütün uşaqlara sayını və yerini dəqiqləştirmək üçün rentgen çekilməli, 2 və daha artıq maqnit və ya maqnitlə birlikdə metal cisim varsa uşağın şikayəti olmasa belə çıxardılmalıdır.
Kəskin və ya iti uclu yad cisimlər
Kəskin və ya uclu yad cisimlərin udulması olduqca təhlükəlidir. Təhlükəsizlik sancaqları, dırnaq, saç sancaqları, vintlər, şam iynələri, sıxaclar və ya diş protezləri kimi iti və ya uclu yad cisimlər yemək borusu xorası,deşilməsi, traxeya-fistula və ya abses əmələ gəlməsi, peritonit, aorto-eofaqus fistulası və hətta ölümlə nəticələnə bilər. Adətən, bağırsaq yad cisimlərinin xəstələrin <1%-də perforasiyaya səbəb olduğu məlumdur; lakin, kəskin və ya uclu yad cisimlər xəstələrin 15%-35%-də perforasiyaya səbəb ola bilər. Buna görə də, mümkün olduqda, yad cisimlər yemək borusundan və ya mədədən çıxarılmalıdır. Qeyd edək ki, son dövrlərdə erkən diaqnoz və endoskopik üsulla operativ çıxarılması kəskin və ya uclu yad cisimlərin qəbulu ilə bağlı xoşagəlməz hadisələrin tezliyini azaldıb. Plastik, şüşə, balıq sümükləri və ya ağac kimi radiolucent yad cisimləri rentgen müayinəsi ilə müəyyən etmək mümkün deyil. Buna görə bu tipli yad cisim udmasına şüphə olan uşaqlar rentgendə bir şey görsənməsə belə endoskopik müayinə olunmalıdır. Kəskin uclu cismləri yemək borusundan çıxararkən diqqətli olmaq lazımdır, çünki yemək borusunun zədələnmə ehtimalı yüksəkdir. Iti uc yuxarı doğru baxırsa itələyib mədəyə salaraq çevirib çıxarmaq mümkündür. Əgər bu tipli yad cisimlər nazik bağırsaqlardadırsa və uşaq simptomatiksə o zaman əməliyyat olunmalıdır. Uşaqlarda yad cisimlər üçün orta mədə-bağırsaq tranziti müddəti təxminən 3,6 gündür. Buna görə də, yad cisim 4 gündən sonra gözlənilən keçidi göstərmirsə, bağırsaq perforasiyası və ya anadangəlmə anomaliyadan şübhələnir və cərrahi yolla çıxarılmalıdır.
Böyük və uzun yad cisimlər.
Böyük və ya uzun yad cisimlərin udulması xüsusi narahatlıq doğuran məsələdir. Bu yad cisimlər 24 saat ərzində çıxarılmalıdır, çünki uzun (uzunluğu >6 sm) və ya böyük yad cisimlərin onikibarmaq bağırsaqdan və ileoçekal qapaqdan keçmə ehtimalı azdır. Kəskin və ya uclu əşyalar, uzun əşyalar (körpələrdə və gənc uşaqlarda >4-5 sm, böyük uşaqlarda >6-10 sm) və ya iri və enli yad cisimlər (körpələrdə >2 sm və ya gənc uşaqlarda diametri >2,5 sm) mədədəysə endoskopik olaraq çıxarılmalıdır.
Balıq sümüyü.
Balıq sümükləri uşaqlar tərəfindən qəbul edilən qida ilə bağlı ən çox yayılmış yad cisimləri təşkil edir. Balıq qəbulunun daha çox olduğu Koreya və Çində digər ölkələrə nisbətən balıq sümüyü udulması sıx görülür. Uşaqlarda balıq sümüyü adətən damaq badamcıqlarında, dil kökündə, vallulada və piriform sinusda görünür, çünki qırtlaq daha dardır və uşaqlarda badamcıqlar böyüklərə nisbətən daha böyükdür. Koreyada aparılan bir araşdırma, uşaqlarda yeyilən balıq sümüklərinin ən çox udlaqda (57,7%) aşkar edildiyini göstərmişdir. Yemək borusunda yerləşmiş balıq sümükləri selikli qişanın xorasına və ya özofagus stenozuna, perforasiyaya, dərin boyun absesinə, mediastinit, ağciyər absesi və ya hətta aorta fistulalarına səbəb olan yerli iltihablı reaksiyaya səbəb ola bilər. Buna görə də tez və dəqiq diaqnoz və müalicə tələb olunur.
Mənbə
- Seo JK. Endoscopic management of gastrointestinal foreign bodies in children. Indian J Pediatr. 1999;66(1 Suppl):S75–S80. [PubMed] [Google Scholar] [Ref list]
- Litovitz TL, Klein-Schwartz W, White S, et al. 2000 annual report of the American association of poison control centers toxic exposure surveillance system. Am J Emerg Med. 2001;19:337–395. [PubMed] [Google Scholar] [Ref list]
- Brayer AF, Conners GP, Ochsenschlager DW. Spontaneous passage of coins lodged in the upper esophagus. Int J Pediatr Otorhinolaryngol. 1998;44:59–61. [PubMed] [Google Scholar] [Ref list]
- Waltzman ML. Management of esophageal coins. Curr Opin Pediatr. 2006;18:571–574. [PubMed] [Google Scholar] [Ref list]
- Kramer RE, Lerner DG, Lin T, et al. Management of ingested foreign bodies in children: a clinical report of the NASPGHAN endoscopy committee. J Pediatr Gastroenterol Nutr. 2015;60:562–574. [PubMed] [Google Scholar] [Ref list]
- Waltzman ML, Baskin M, Wypij D, Mooney D, Jones D, Fleisher G. A randomized clinical trial of the management of esophageal coins in children. Pediatrics. 2005;116:614–619. [PubMed] [Google Scholar] [Ref list]
- Conners GP, Chamberlain JM, Ochsenschlager DW. Symptoms and spontaneous passage of esophageal coins. Arch Pediatr Adolesc Med. 1995;149:36–39. [PubMed] [Google Scholar] [Ref list]
- Velitchkov NG, Grigorov GI, Losanoff JE, Kjossev KT. Ingested foreign bodies of the gastrointestinal tract: retrospective analysis of 542 cases. World J Surg. 1996;20:1001–1005. [PubMed] [Google Scholar] [Ref list]
- Lim CW, Park MH, Do HJ, et al. Factors associated with removal of impactted fishbone in children, suspected ingestion. Pediatr Gastroenterol Hepatol Nutr. 2016;19:168–174. [PMC free article] [PubMed] [Google Scholar] [Ref list