İnfantil kolik haqqında tibbi ədəbiyyata baxış


Körpələrdə adətən həddindən artıq ağlama kimi özünü göstərən infantil kolik 2 həftədən 3 aya qədər olan körpələrdə pediatrlara müraciətlərin 10-20%-ni təşkil edir.
Hal-hazırda infantil kolik üçün istifadə olunan diaqnostik meyarlar Roma IV meyarlarıdır ki, bunlara aşağıdakılar daxildir:
Aşkar səbəblər olmadan başlayan və sakitləşdirilə bilməyən ağlama paroksizmləri;
Gündə ≥3 saat davam edən və ≥1 həftə ərzində həftədə ≥3 gün baş verən simptomlar;
Doğuşdan 5 aya qədər olan körpələrdə inkişaf geriliyinin olmaması.

Bu meyarlar ilkin olaraq Wessel və həmkarları tərəfindən təklif olunan “Üçlər Qaydası”-na uyğunlaşdırılmışdır; gündə ≥3 saat, həftədə ≥3 gün, ≥3 həftə. Bu körpələrin 5%-dən azında üzvi səbəbi aşkar edilir. Beləliklə, adətən xoşxassəli olur və özünü məhdudlaşdırır. Bağırsaq funksiyalarının müvəqqəti yetişməməsi ilə əlaqədar olan infantil kolikin üç mexanizmlə əmələ gəlməsi ehtimal edilir və bu mexanizmlərin varlığını dəstəkləyən sübutlar vardır: enterohepatik funksiyalar və öd turşusu homeostazı, mədə-bağırsaq hərəkətliliyi və yoğun bağırsaq mikrobiomu. Valideynlər üçün ciddi narahatlıq doğuran bu problemin həlli yollarını axtarmaq üçün bir çox elmi araşdırmalar aparılmış, bir çox preparatlar yoxlanılmışdır.

İki fərqli randomizasiya olunmuş nəzarətli kliniki tədqiqatda mədə-bağırsaq traktında qaz qabarcıqlarının əmələ gəlməsini azaldan Simetikon plasebo ilə müqayisə edildikdə heç bir fərq görülməmişdir. Əksinə, bir RNKT ağlama paroksizmlərinin idarə edilməsində simetikonun təsirli olduğunu göstərdi. Saya əzələlərə rahatlaşdırıcı təsir göstərən antixolinergik Disiklomin hidroxloridlə bağlı iki fərqli RNKT ağlama müddətinin azaldığı müşahidə edildi. Bununla belə, təngnəfəslik, tənəffüs kollapsı, apnea, asfiksiya, nəbz dəyişməsi və əzələ hipotoniyası kimi bildirilmiş əlavə təsirlərə görə, bu dərman 6 aydan kiçik körpələrdə istifadə üçün məsləhət görülmür. Nəhayət, infantil kolikin müalicəsi üçün yoxlanılmış sonuncu dərman birbaşa spazmolitik təsirə malik muskorin antaqonisti olan Simetropium bromiddir.

Bununla əlaqədar yalnız bir RNKT mövcuddur və müəlliflər plasebo ilə müqayisədə simetropium bromidlə kolik epizodlarının müddətinin əhəmiyyətli dərəcədə azaldığını göstərdilər. Bununla belə, yuxululuğun artdığı bildirildiyi üçün və tədqiqatlakı metodoloji uğursuzluqlar səbəbilə sübut səviyyəsi zəifdir. İnfantil kolikin idarə edilməsi üçün qeyri-müəyyən effektivliyə görə və mümkün mənfi təsirləri nəzərə alaraq, bu dərman ABŞ və Kanadada istifadə üçün təsdiqlənməmişdir. Nəticə olaraq, infantil kolik olan körpələrin müalicəsi üçün farmakoloji müalicə tövsiyə edilmir. Dupon və yoldaşlarının 2010-cu ildə süni qida ilə qidalanan 66 körpə üzərində apardıqları çox mərkəzli, cüt kor, plasebo ilə idarə olunan RNKT aparılmışdır. Eksperimental süni qida qarışığı (alfa-laktalbumin, L. rhamnosus Bifidobacterium infantis ilə zənginləşdirilmiş, zülal və laktoza tərkibində azaldılmış və qarğıdalı nişastası ilə qatılaşdırılmış) kontrol süni qida qarışığı ilə qarşılaşdırıldığı zaman, ağlama müddətinə təsir etmədiyi halda əlamətlərin şiddətində (ağlama, narahatçılıq və həyəcan, regurgitasiya, meteorizm, köp və qusma kimi şikayətlər) azalma müşahidə edilmişdir.

2013-cü ildə Partty və yoldaşlarının randomizasiya edilmiş, cüt kor, plasebo nəzarətli tədqiqatına vaxtından əvvəl doğulmuş 94 körpə cəlb edildi. Bir qrupa prebiotik (qalakto-oliqosaxaridlərin və polidekstrozanın prebiotik qarışığı, 1:1 nisbətində, 600 mq/gün), ikinci qrupa probiotik (L. rhamnosus GG ATCC 53103 (109 CFU)), plasebo qrupuna isə mikrokristalin, sellüloza və dekstroza anhidrat qarışığı verildi. Hər bir qrupa ilk 30 gün ərzində gündə 1 dəfə, ikinci 30 gün ərzində isə gündə 2 dəfə müvafiq qarışıq tətbiq edildi. Təcrübə qruplarında körpələrin ağlaması, narahatlığı, qıcıqlanması azaldı və mikrobiotanın inkişafına müsbət təsir müşahidə edildi. Eyni zamanda probiotik və prebiotik qruplarında ani qışqırıq krizislərinin tezliyində plaseboya nisbətən əhəmiyyətli dərəcədə azalma müşahidə edildi (p=0,02). Həddindən artıq ağlayan körpələrin nəcisində Lactobacillus-Lactococcus-Enterococcus qrupunun ümumi bakteriya miqdarına nisbəti daha yüksək müəyyən edildi (p=0,005). Prebiotik və plasebo qrupları ilə müqayisədə probiotik qrupunun nəcis nümunələrində Clostridium histolyticum tipli bakteriyaların ümumi bakteriya sayına nisbətinın daha aşağı olduğu göstərildi (p=0,047).

Giovannini və yoldaşlarının 2014-cü ildə apardığı randomizasiya edilmiş, cüt kor, paralel qrup araşdırmasına ana südü ilə qidalanan 199 və süni qida qidalanan 163 körpə cəlb edildi. Süni qida ilə qidalanan körpələr kontrol qrupuyla və qalakto-oliqosaxarid (QOS) əlavə edilmiş formula (0,4 q/100 ml) alan qrupla randomizasiya edildi. Qarışıqların qastrointestinal simptomlara (kolik, nəcisin tutarlılığı və tezliyi, requrqitasiya) və bağırsaq mikrobiotasına təsirinə baxıldı. QOS əlavə edilmiş qrupun 89%-ində normal, yumşaq nəcis və kolik tezliyində əhəmiyyətli dərəcədə azalma müşahidə edildi.
Eyni zamanda kontrol qrupu ilə müqayisədə QOS əlavə edilmiş qrupda Clostridium daha az və Bifidobacterium daha yüksək miqdarda müəyyən edildi. Eyni ildə Kianifar və yoldaşlarının randomizasiya edilmiş, cüt kor, plasebo nəzarətli tədqiqatında 30 gün ərzində ana südü ilə qidalanan 50 körpə ilə plasebo qrupu və gündə bir dəfə sinbiotik qarışıq (1 milyard CFU 7 probiyotik: L. casei, L. rhamnosus, Streptococcus thermophilus, Bifidobacterium breve, L. acidophilus, B. infantis, L. Bulgaricus; və frukto-oliqo-saxaridlər) qəbul edən qrup qarşılaşdırıldı.
Nəticələr “müalicənin müvəffəqiyyəti” (gündəlik orta ağlama vaxtının azalması; >50%) və “simptomların azalması” (gündəlik ağlama müddətinin azalması; >90%) kriteriyaları üzrə qiymətləndirildi. Müalicənin müvəffəqiyyətinin sinbiotik qəbul edən qrupda plasebo qrupu ilə müqayisədə 7-ci (p<0.005) və 30-cu günlərdə (p<0.01) daha yüksək olduğu müəyyən edildi. Plasebo qrupuna nisbətən sinbiotik qəbul edən qrupda 7-ci gündə simptomlar daha bariz azaldığı halda (p<0.03), 30-cu gündə iki qrup arasında fərq müəyyən edilmədi.

2014-cü ildə aparılan bir sistematik icmalda və meta-analizdə Lactobacillus rhamnosus GG ATCC53103 (LGG), L. reuteri DSM 17 938 və VSL#3-ün uşaq yaşlarında funksional qarın ağrılarını və qıcıqlanmış bağırsaq sindromununun əlamətlətlərini aradan qaldırmaqda plasebo qruplara görə daha təsirli olduğu aşkar edilmişdir. İnfantil kolikin müalicəsi ilə bağlı nəşr olunmuş ədəbiyyat (sistemli icmallar daxil olmaqla) xüsusi qidalanma, süd formulaları, prebiyotiklər, probiyotiklər və sinbiotiklərin istifadəsinə baxmayaraq daha müfəssəl araştırmalara ehtiyac vardır.

Bizi sosial mediada izləyin